“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyuna çıxıb.

Komandamız Polşada “Rakuv”un qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən matçda “Köhlən atlar”ın nisbi üstünlüyü qeydə alınıb. 32-ci dəqiqədə Leandro Andradenin zərbəsindən sonra top qapı dirəyinə dəyib. 1-ci hissədə hesab açılmayıb. Qarşılaşmada bütün qollar fasilədən sonra vurulub. 55-ci dəqiqədə meydan sahibləri önə çıxıblar. Cərimə meydançasında yaranan qarışıqlıqda Elvin Cəfərquliyev avtoqol müəllifi olub. 71-ci dəqiqədə fərq artıb. Bu dəfə Fabian Pyasetskinin başla zərbəsindən sonra qapıçı Şahruddin Məhəmmədəliyev kobud səhvlə yadda qalıb. Çox keçmədən komandamız fərqi azaldıb. 73-cü dəqiqədə Redon Cica qollardan birinin əvəzini çıxıb. 2 dəqiqə sonra albaniyalı futbolçu dubl edərək hesabı bərabərləşdirib. Lakin Ağdam futbolçuları sona yaxın daha bir qol buraxıblar. 2-ci hissəyə əlavə olunan 1-ci dəqiqədə Sonni Kittelin uzaq məsafədən zərbəsi qarşısıalınmaz olub. Bu qol matçda sonuncu olub. Beləliklə “Qarabağ” səfərdə “Rakuv”a 2:3 hesabilə uduzub. Komandalar arasında cavab qarşılaşması avqustun 2-si Bakıda keçiriləcək.